Big Data mühitində Hadoop istifadə etmənin 10 əsas səbəbi

Hadoop geniş miqyaslı analitik hesablamalar üçün istifadə edilən çox güclü platformadır. Öncəki məqalələrdə də göstərdiyimiz kimi, Hadoop bütün hallar üçün ən ideal platforma sayılmır. Məsələn onlayn tranzaksiyalı və müəyyən struktura malik olan sistemləri relasiyalı bazalarla deyil Hadoopla əvəzləmək doğru olmazdı. Bəzi səmərəlilik məsələlərinə, xüsusi detallı hüquq idarəçiliyinə, ACİD və s. bu kimi xüsusiyyətlərə görə relasiyalı verilənlər bazası daha uyğun gəlir. Ancaq ümumilikdə sırf Big Data mühitinə görə Hadoop platformasını istifadə etmək üçün aşağıdakı 10 səbəbi göstərmək olar:

1.Hadoop platforması çox ucuzdur.

Hadoop platformasının ən üstün cəhəti onun istifadəyə yararlı və ucuz server və kompütərlər üzərində rahatlıqla işlək vəziyyətə gətirilə bilməsidir. Bir çox ənənəvi sistemlər daha güclü resurslar, və yaxud özlərinin sahib olduqları daha bahalı platformalarla birlikdə satılır. Bura həm bahalı serverlər, həm də sürətli və bahalı yaddaş hissələri aiddir. Hadoop isə ucuz SATA diskləri ilə məlumatları 3 nüsxəli bloklarda qoruyaraq saxlaya bilir. Hər hansı diskin xarab olması və ya yaddaş bloklarının zədələnməsi heç bir halda məlumat itkisinə gətirib çıxardmır. Hadoop platforması xüsusilə ucuz kompüter sistemlərində çalışması üçün dizayn olunub.

Bəli, Hadoop açıq kodlu platformadır və havayıdır. Onu rahatlıqla endirib test mühitində istifadə etmək mümkündür. Ancaq bu o demək deyil ki, bir şirkətdə hər hansı bir proyektə bunu tətbiq edirsinizsə, açıq kodlu versiyasını tətbiq edəcəksiniz. Bu halda daha yaxşı olar ki, bu sistemi digər sistemlərlə inteqrasiya edən şirkətlərdən lisenziyalı və xüsusi xidmətli şəkildə əldə edəsiniz. Ancaq yenə də bu lisenziya, relasiyalı verilənlər bazası üçün alınan lisenziyalardan qat-qat ucuz olacaq.

2. Hadoop platforması açıq kodludur və bir çox aktiv könüllü yazarları var.

İstənilən şirkət hər hansı sistem üçün ödəniş edib onu aldıqda, heç zaman istəməz ki, nə o sistem bir neçə il sonra inkişafdan və istifadədən qalmış sistemə çevrilsin, nə də o sistemi öyrənmək üçün illərini sərf edən işçilərinin əməkləri hədər olsun. Bu səbəbdən, Hadoop platforması və onun gələcəyindən heç narahat olmaq lazım deyli. Bu proyektin uzun sürəcək gələcəyi vardır. Çünki hal-hazırda yüzlərlə proqramçı bu platformanı inkişaf etdirmək üçün hər gün kod yazır. Bunların bəziləri könüllülər olsa da, bəziləri şirkətlər tərəfindən Hadoop platformasını inkişaf elətdirmək məqsədilə ödənişli çalışan proqramçılardır. Buna misal olaraq İBM, Microsoft, Yahoo!, Facebook, Hortonworks, Cloudera və MapR kimi şirkətləri göstərmək olar.  Müxtəlif könüllülər proqram xətalarını JİRA platformasında qeyd edib onun həlləri üzərində ciddi və qaydalı şəkildə çalışırlar.

3. Hadoop geniş şəkildə bir çox şirkətlər tərəfindən artıq istifadədədir.

Relasiyalı VB-lərin 1980-ci ildən etibarən bütün şirkətlərdə istifadə edildiyi kimi, Hadoop sistemi də demək olar ki, hər sahədə müxtəlif proyektlərdə müxtəlif formalarda istifadə edilir. Araşdırmalara görə demək olar ki, Forunte 500 şirkətlərin hər biri Hadoop platformasını bu və ya digər şəkildə istifadə edir.

4. Məlumatlar artdıqca Hadoop sistemi rahatlıqla genişlənə bilir

Böyük şirkətlərdə məlumat böyük həcmlə və sürətlə yaranır. Bu məlumatları saxlayıb onları analiz etdikdə fərqli nəticələr ortaya çıxardıb şirkətin gələcək strategiyasına ciddi təsir etmək mümkündür deyə, şirkətlər bu məlumatları saxlayıb daha detallı analiz etmə qərarını verirlər. Məlumat artıqca var olan serverləri böyütmək əvəzinə yeni serverlər və yaddaş hissələri əlavə edib sistemi genişləndirmək daha rahat və sərfəlidir. Hadoop məhz yeni server əlavə etməklə genişlənmə xüsusiyyətinə malikdir. Bu yeni serverlər həm məlumatların emal sürətini artırmış olur, həm də əlavə yaddaş hissəsi vermiş olur.

5. Ənənəvi alətlər Hadoop ilə inteqrasiya edilib

Şirkətlər böyük məlumatları saxlama ehtiyacı səbəbindən, Hadoop sistemindən asılı olmağa başlayırlar. Bunun nəticəsi olaraq bir çox proqram təminatları Hadoop sistemi ilə inteqrasiya edilir. Bu proqram təminatlarını aşağıdakı kateqoriyalara bölə bilərik:

  • Biznes analiz alətləri

Analizçilər Hive platforması vasitəsilə HDFS-də yerləşən məlumatlar üzərindən müxtəlif reportlar hazırlaya bilirlər.

  • Statistik analiz paketləri

Statistika ilə məşğul olan şəxslər, öz modellərini HDFS-də yerləşən böyük məlumat kütlələrinə əlavə edə bilərlər. Və bununla bu prosesləri Hadoop klasterində olan serverlərdə paralel çalışdırmış olarlar. Buna misal olaraq SAS və SPSS-in MapReduce funksionallığını təmin etməsini göstərə bilərik.

  • Məlumat inteqrasiyası alətləri

Məlumat arxitektorları relasiyalı VB-lərlə Hadoop arasında yüksək sürətli məlumat inteqrasiyasını təmin edə bilərlər. Bununla hesablamaların böyük və əsas hissəsini Hadoop klasterinə yönləndirmək mümkündür.

6. Hadoop məlumatı hər hansı formatda saxlaya bilər.

Hadoop-un çalışma prinsipi çox sadədər: Öncə məlumatı saxla, sonra o oxunanda hər hansı sxema istifadə et. Bu da Hadoopda istənliən növ məlumatın saxlanılmasına gətirib çıxardır. Buna ya heç bir struktura malik olmayan məlumat, ya ikili rəqəm formatlı, ya yarı strukturlu loq fayllarını misal göstərə bilərik. Əlbəttə bundan sonra başqa çətinlik gəlir – məlumat yığıldıqdan sonra onun analiz edilməsi. Bu da öz növbəsində çətin və vaxt aparan prosesdir.

7. Hadoop çətin analizləri etmək üçün dizayn edilib

Hadoopda nəinki hər tip məlumatı saxlamaq, eyni zamanda ordakı məlumatın üzərində istənilən alqoritmanı çalışdırmaq da olar. Buna misal olaraq fərqli machine learning alqoritmalarını göstərə bilərik.

8. Hadoop hissəli yox, tam olaraq bütün məlumatı emal edə bilər

Bəzi araşdırmalar zamanı müxtəlif mənbələrdən gələn məlumatların 3%-i araşdırıldıqdan sonra yerdə qalan digər 97% məlumat nəzərdən keçirilməyib 3%-ə görə qərar verilir. Çox vaxtı məlumatın elə 3%-ini analiz etmək kifayət edir, ancaq bu hər hal üçün belə deyildir. Bəzi hallarda əlimizdə olan bütün məlumat bazası incələnməlidir. Nəzərə alsaq ki, Hadoop klasteri bir çox serverlər üzərinə qurulub paylanır, bu halda istənilən böyük həcmli məlumatı hissəli deyil, tam şəkildə proses edib analiz etmək mümkün olacaq. Bu zaman çalışan sorğular hissə-hissə bütün klaster boyu paylanmış məlumatları hər serverin öz resursları vasitəsilə götürüb emal edəcək.

9. Bir çox İT sahələrini əhatə edir

Hadoop platformasının tərkib hissəsi olan müxtəlif alətləri bir çox fərqli mütəxəssislər tərəfindən istifadə oluna bilər. Məsələn bir proqramçı Java, Python və s. kimi dillərdə MapReduce məntiqini yaza bilər. Və ya script dilini daha rahat bilirsə, Apache Pig istifadə edə bilər. SQL ilə kod yazmaq daha rahat gəlirsə, o zaman Apache Hive istifadə edə bilər.

Big Data anlitika sahəsi də günü gündən inkişaf etdiyinə görə bu platforma aşağıdakı bütün ixtisaslar üçün əlverişlidir:

  • Proqramçılar
  • Proyekt menecerləri
  • Məlumat anbarı mütəxəssisləri
  • Verilənlər bazası administratorları
  • İT mühəndislər
  • Test mütəxəssisləri

10. Müxtəlif iş imkanlarının yaranır

Big Data və Hadoop ilə əlaqəli bir çox iş imkanları və karyera istiqamətləri mövcuddur. Sırf Hadoopla əlaqəli aşağıdakı karyera imkanlarını saymaq olar:

  • Hadoop proqramçı (Hadoop Developer)
  • Hadoop administrator (Hadoop Admin)
  • Məlumat analitik (Data Analyst)
  • Big data arxitektor (Big Data Architecture)
  • Məlumat mühəndisi (Data Engineer)
  • Məlumat alimi (Data Scientist)

Son illərdə Hadoop professionallarına böyük ehtiyac yaranır. Ümumilikdə bəzi araşdırmalar onu göstərir ki, Hadoop marketi 2022-ci ildə 99.31 Milyard dolları keçəcək. Əlbəttə, böyük məlumatları özündə saxlayıb idarə edən, rahat genişlənə bilən və böyüyən, ucuz server və kompyuterlərlə qurulan və ucuz lisenziyaya sahib olan bir platformaya hamının ehtiyac var. Bu tələb də, bu sistemin bilicilərinə bir ehtiyac yaradır.

4 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir